İİB seçilmiş tərəfdaş statusunu qorumağa çalışır - Məhəmməd Əl-Cəssir
İslam İnkişaf Bankı Qrupu (İİB) seçilmiş tərəfdaş statusunu qorumağa çalışır. Trend-in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bunu İİB Qrupunun sədri Məhəmməd Əl-Cəssir Qrupun 14-cü Özəl Sektor Forumunda bildirib. "Biz seçilmiş tərəfdaş olaraq qalmaq istəyirik. Əvvəlcədən hazırlanmış modellərlə gəlmirik. Bankın işi təcrübə mübadiləsi və birgə həll yolları axtarmaq üzərində qurulub. Ölkələrin qaldığı yerdən başlayırıq. Birlikdə otururuq, bilik və təcrübəmizi bölüşürük və bəzi ölkələrdə nəyin işlədiyini, digərlərində isə nəyin işləmədiyini nümayiş etdiririk", - deyə o bildirib. Əl-Cəssir regional əməkdaşlığın inkişafın əsas amili olduğunu vurğulayıb. Əl-Cəssir qeyd edib ki, iqtisadi inkişaf aydın planlaşdırma və balanslaşdırılmış yanaşma tələb edir. "İqtisadi inkişaf sağlam düşüncə və mükəmməl planlaşdırma tələb edir. İnkişaf həmçinin sosial və infrastruktur aspektlərini də əhatə etməlidir. Bank Cənubi Amerikadan Cənub-Şərqi Asiyaya qədər geniş regionlardakı ölkələrlə işləyir. Biz Surinam və Qayana, eləcə də İndoneziya kimi ölkələrlə işləyirik. Bankın 57 üzvü uğurlu təcrübələrini bölüşməyə hazırdır", - deyə o bildirib. M. Əl-Cəssir üzv ölkələrin birgə layihələrin həyata keçirilməsində fəal iştirakını vurğulayıb. Onun sözlərinə görə, Bank üzv dövlətlər arasında birgə layihələrin maliyyələşdirilməsini və faydaların bölüşdürülməsini təşviq edir. "Biz ölkələri layihələri birgə həyata keçirmək və hətta bir üzvün faydalarını digərləri ilə bölüşmək üçün bir araya gətiririk. İnteqrasiya təkcə infrastruktur qurmaq deyil, həm də dəyərləri və faydaları bölüşmək deməkdir. Davamlı inkişaf faydaların geniş bölüşdürülməsi olmadan mümkün deyil. Rifah tək bir qrup daxilində qaldıqda davamlı ola bilməz. Rifah nə qədər geniş yayılarsa, bir o qədər davamlıdır", - deyə M. Əl-Cəssir bildirib. İİB-in rəhbəri əlavə edib ki, bankın təcrübəsi və işi ölkələr arasında inteqrasiya proseslərinin dəstəklənməsində əsas rol oynayır.
📌 Kaynak
Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.
Orijinal haberi oku →