Şuşada yekun Kommünike imzalandı
Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü başa çatıb. Trend-in Qarabağ bürosunun xəbərinə görə, görüşün yekununda qurumlar arasında əməkdaşlığın institusional əsaslarını və gələcək birgə fəaliyyət istiqamətlərini özündə əks etdirən 11 bənddən ibarət Kommünike imzalanıb. Sənəddə Türk dövlətləri arasında dünyəvilik prinsipləri əsasında dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, dini sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, dini təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, ailə institutunun möhkəmləndirilməsində qadınların rolunun artırılması, eləcə də rəqəmsal informasiya mühitində dini maarifləndirmənin gücləndirilməsi ilə bağlı müddəalar əksini tapıb. Bununla yanaşı, Kommünikedə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarixi, dini və mədəni irsin bərpasına dəstək ifadə olunub. Sənəddə həmçinin türk coğrafiyasında məzhəblərarası anlaşmanın və İslam həmrəyliyinin təşviqi, Türk-İslam mədəni irsinin beynəlxalq səviyyədə təbliği, dini radikalizm, ekstremizm, terrorizm, islamofobiya və digər destruktiv təzahürlərə qarşı birgə mübarizənin gücləndirilməsinin vacibliyi vurğulanıb. Kommünikedə tədbirin yüksək səviyyədə təşkilinə, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə, həmçinin görüşün əlaqələndirilməsinə verdiyi töhfəyə görə Türk Dövlətləri Təşkilatının Katibliyinə minnətdarlıq ifadə olunub. Sonda növbəti görüşün 2027-ci ildə Qazaxıstan Respublikasında keçirilməsi barədə qərar qəbul edilib.
📌 Kaynak
Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.
Orijinal haberi oku →