Yekun razılaşma üzrə müzakirələrə başlanması haqda qərar veriləcək – İran XİN rəsmisi
İran tərəfindən İran və ABŞ arasında yekun razılaşmanın əldə olunması məqsədilə müzakirələrin başlanmasının vaxtı və formatı haqda qərar veriləcək. Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (30 iyun) Tehranda keçirilən mətbuat konfransında deyib. “Gələn günlərdə İran və ABŞ arasında İslamabad anlaşma memorandumu çərçivəsində yekun razılaşmanın əldə olunmasının formatı və zamanı haqda qərar veriləcək”, -deyə o bildirib. Bəqai deyib ki, hər hansı keçirilən iclasın məqsədi olmalıdır və keçirilməsi üçün zərurət yaranmalıdır. İran və ABŞ arasında yekun razılaşma ilə əlaqədar müzakirələrin başlanması üçün iki ölkə arasında imzalanan İslamabad anlaşma memorandumunun 1, 4, 5, 10 və 11-ci müddəalarının icrasına başlanmalı və bu icra davam etməlidir. Nazirlik rəsmisi əlavə edib ki, ümumiyyətlə gələn bir neçə gün ərzində İranın ABŞ tərəfi ilə heç bir səviyyədə görüşün baş tutması üçün heç bir proqramı olmayıb ki, ondan imtina etsin. Bəqai qeyd edib ki, ehtimal üzrə sabah Dohada Qətər tərəfi ilə anlaşma memorandumunun müddəalarının icrası, o cümlədən İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması ilə əlaqədar danışıqlar aparılacaq. “İran və ABŞ arasında anlaşma memorandumunda tərəflərin öhdəlikləri tamamilə şəffaf və aydındır. Memorandumun birinci müddəasında müharibənin bütün istiqamətlərdə, o cümlədən Livanda dayandırılması qeyd olunub. ABŞ də anlaşma memorandumunun qarşı tərəfi olaraq öz öhdəliklərini yerinə yetirməli və İsrailin Livana hərbi hücumlarının dayandırılması üçün lazım olan hər bir addımı atmalıdır”, - deyə o bildirib. Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub. 18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib. 21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.
📌 Kaynak
Bu haber XML kaynağından derlenmiştir. Tamamı için orijinal habere gidin.
Orijinal haberi oku →