Almaniya Azərbaycanla münasibətləri daha da dərinləşdirmək niyyətindədir - Səfir (ÖZƏL)
Almaniya Azərbaycanla münasibətləri daha da dərinləşdirmək niyyətindədir.
Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Gəncəyə səfəri çərçivəsində Trend-ə açıqlamasında deyib.
“Azərbaycanda fəaliyyət göstərdiyim dörd il ərzində Gəncəyə dəfələrlə səfər etmişəm. Həmçinin Göygöl və Şəmkirdə yerləşən keçmiş alman yaşayış məntəqələrində olmuşam. Avropa İttifaqının sonuncu dəfə “EuroVillage” tədbirini təşkil etməsindən 10 il keçir. Buna görə də yenidən Gəncədə olmaqdan, şəhər sakinləri, xüsusilə gənclər və tələbələrlə görüşməkdən çox məmnunuq”, – deyə səfir bildirib.
Ralf Horlemann Azərbaycanda alman dilinə marağın yüksək olduğunu vurğulayaraq, Gəncə universitetlərində də xeyli tələbənin alman dili öyrəndiyini qeyd edib.
Səfir iki həftədən sonra diplomatik missiyasını başa vuracağını da açıqlayıb. O bildirib ki, Almaniya Azərbaycanla əməkdaşlığı gələcəkdə də davam etdirəcək:
“Almaniya fəaliyyətini yalnız Bakı ilə məhdudlaşdırmır. Sumqayıt, Gəncə, Lənkəran və digər bölgələrdə də fəal işləyirik. Azərbaycandakı bir çox təşkilatlarla sıx əməkdaşlığımız var və Almaniya-Azərbaycan münasibətlərini daha da inkişaf etdirmək niyyətindəyik”.
Diplomat iqtisadi əlaqələrin də genişləndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda Almaniyanın üç enerji şirkəti SOCAR-dan qaz alır:
“Bakıda çox fəal Alman-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir. Onlar mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Ötən il ixracın maliyyələşdirilməsi ilə bağlı keçirilən tədbirdə Almaniya və Azərbaycandan 200-dən çox şirkət iştirak edib. Bu isə əməkdaşlıq üçün böyük maraq və potensialın olduğunu göstərir”.
📌 Kaynak
Bu özet Trend News (AZ) kaynağından otomatik derlenmiştir. Tamamı için orijinal habere gidin.
Orijinal haberi oku →